Türkiyə ilə Ermənistan arasında protokolun mətni açıqlandı
11 Oktyabr 2009 Bazar 00:25
Tərəflər ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşacaqlarını təsdiqləyirlər
Türkiyə ilə Ermənistan arasında imzalanmış “Diplomatik əlaqələrin qurulmasına dair Protokol”un mətni ictimaiyyət üçün açıqlanıb. Protokolda iki ölkənin mövcud sərhədlərinin qarşılıqlı olaraq tanındığı, sərhədlərin açılması mövzusunda razılaşma əldə edildiyi bildirilir.
Protokolun Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən yayılmış mətnində iki ölkə xalqlarının maraqlarına xidmət etmək məqsədilə mehriban qonşuluq münasibətlərinin qurulması, siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi arzusu ifadə olunur.
Türkiyə və Ermənistan ikitərəfli və beynəlxalq əlaqələrdə bərabərlik, suverenlik, digər ölkələrin işlərinə müdaxilə etməmə, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşacaqlarını da təsdiqləyirlər.
Protokolda iki ölkə arasında etibar və etimad şəraiti yaradılmasının və bunun qorunmasının, bütün bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin güclənməsinə çalışılması, güc tətbiqindən və ya güc istifadəsi təhdidindən imtina edilməsi, anlaşılmazlıqların dinc yollarla həlli, insan hüquqlarının və təməl prinsiplərin qoruması razılaşdırılır.
İki ölkə ərasında sərhədlərin beynəlxalq hüquqla təsdiqlənmiş formada tanınması, sərhədlərin açılması ilə bağlı razılığın əldə olunduğu vurğulanır.
Türkiyə və Ermənistan mehriban qonşuluq münasibətləri ilə üst-üstə düşməyən hər hansı siyasət yürütməyəcəklərinə təminat verirlər.
İki ölkə istənilən səbəbdən terrorçuluğun bütün formalarını, zorakılığı və fundamentalizmi qınayaraq bu cür fəaliyyətin təşviqindən qaçılacağını, bunlara qarşı mübarizədə əməkdaşlığa gedəcəklərini elan edirlər. Orta maraqlar və xoş niyyət zəminində sülh, qarşılıqlı anlayış istiqamətində əlaqələr üçün yeni bir model formalaşdırma iradəsi də təsdiqlənir.
1961-ci il tarixli “Diplomatik əlaqələrə dair Vyana razılaşması”na uyğun olaraq protokolların qüvvəyə mindiyi vaxtdan diplomatik əlaqələrin qurulması və qarşılıqlı olaraq diplomatik nümayəndəlik açılması mövzusunda da razılıq əldə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar