Prezident İlham Əliyev Qusarda olub
19 Sentyabr 2009 Şənbə 02:40
Dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən meydanda 65 metr hündürlüyündə dirəkdə Azərbaycan bayrağı dalğalanır
Prezident İlham Əliyev ötən gün Qusar rayonunda inşa olunacaq Heydər Əliyev parkı və muzey-kompleksinin eskiz layihəsi ilə tanış olub. Ona Məlumat verilib ki, kompleks 10 hektar ərazidə yerləşəcəkdir. Dövlət Neft Şirkətinin vəsaiti hesabına inşa olunacaq kompleksin gələn ilin mayında istifadəyə verilməsi nəzərdə tutulub. Kompleksin ərazisində ulu öndərin abidəsi qoyulacaqdır. Qranitdən hazırlanacaq heykəlin hündürlüyü postamentlə birlikdə 23 metr olacaq. İnşa ediləcək ikimərtəbəli Heydər Əliyev Mərkəzi 1000 kvadratmetr sahəni əhatə edəcək.
Prezident İlham Əliyev Qusar şəhərində Dövlət Bayrağı meydanı ilə tanış olub. Qusar şəhərinin girəcəyində ən yüksək yerdə inşa olunmuş Dövlət Bayrağı meydanının tikintisinə bu ilin mayında başlanılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə inşa olunmuş meydanın ərazisi 16 min kvadratmetrdir. Tikinti işlərini “Bərpa-N” MMC həyata keçirmişdir. Meydanın 9 min kvadratmetrlik sahəsində yaşıllıq salınmış, yerli iqlimə uyğun 5 min ağac, dekorativ gül kolları əkilib. Sakinlərin istirahəti üçün hər cür şərait yaradılmış, müasir işıqlandırma sistemi quraşdırılıb.
Dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən meydanda 65 metr hündürlüyündə dirəkdə Azərbaycan bayrağı dalğalanır. Ərazinin metereoloji vəziyyəti nəzərə alınaraq bayraq üçün 12 tonluq dirək ucaldılıb. Bayrağın eni 10, uzunluğu 20 metrdir.
Prezident İlham Əliyev meydanın layihəsi ilə tanış olub, şəhərin mənzərəsini seyr edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar