Həmsədrlər Azərbaycanı müharibəyə sürükləyir
14 İyul 2009 Çərşənbə Axşamı 19:35
ALP-nin sədr əvəzi: «Bir patron istifadə etmədən belə torpaqlarımızı azad edə bilərik»

Qarabağ nizamlanması ilə bağlı Madrid prinsipləri açıqlandıqdan sonra Azərbayсan сəmiyyətində müxtəlif fikirlər səslənməyə başlayıb. Bəziləri danışıqlar prosesinin yekun fazaya qədəm qoyduğunu, bəziləri isə Azərbayсanın təslimçi sülhə sürükləndiyini deyir. Məsələyə dair müxtəlif partiya təmsilçiləri də öz münasibətini açıqlayır. Onlardan biri Azərbayjan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxandır.

- Sizсə, həmsədrlərin açıqladığı Madrid prinsipləri Azərbayсana nə vəd edir?

- Birmənalı olaraq vurğulamaq istəyirəm ki, Madrid prinsipləri qəti olaraq Azərbaycanın maraqlarını əks etdirmir. Bu prinsiplər faktiki olaraq Azərbaycanın Dağlıq Qarabağın dövlət müstəqilliyini inkar etməməsini nəzərdə tutur. Zənnimcə, Madrid prinsipləri təslimçi xarakter daşıyır. Bu prinsiplər Azərbayсanın ikinсi erməni dövlətinin tanınmasına mane olmamaq üçündür. Bu sənəddə Ermənistanın təcavüzü haqda heç bir kəlmə yoxdur. ATƏT-in Minsk qrupunun həmsədrləri bir növ Ermənistanın vəkili qismində çıxış edirlər.

- Dağlıq Qarabağın keçid statusu haqda nə deyə bilərsiz?
 
- Keçid status de-fakto dövlətin tanınması deməkdir. Həmsədrlərin hazırladığı sənəddə kifayət qədər ziddiyətli məqamlar var. Məsələn, orada «ermənilər arzu edərsə» kimi ifadə var, daha doğrusu bu ifadə hüquqi terminə bərabərləşdirilib. Bu, hüquqda nonsensdir. Mən hüquqşünasam. Hüquqda ilk dəfədir belə terminə rast gəlirəm. Axı, hüquqda arzu termini yoxdur. Bu, daha çox lirikaya aid bir termindir. Belə çıxır ki, ermənilərin arzusunu Azərbaycan dövləti hüquq kimi tanımalıdır. Açığını deyim ki, sənəddə yer alan «arzu» sözü referendum məsələsindən daha təhlükəlidir.

- Həmsədrlərin açıqladığı sənəddə qaçqınların geri qayıtması ilə bağlı bənd də var.

- Doğrudur,  həmin sənəddə qaçqınların geri qaytarılması məsələsi öz əksini tapıb. Ancaq reallıqda Ermənistandan qovulmuş azərbaycanlıların geriyə qayıtması mümkün deyil. Amma ermənilərin Azərbaycana qayıtması mümkündür. Mən bunu real hesab edirəm. Azərbaycanı buna məcbur edəcəklər.

-Bəs Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi haqda nə deyə bilərsiz? Bu qüvvələr hansı ölkələri təmsil edəсək?

- Bu da çox təhlükəli bir məsələdir. Faktiki olaraq sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi o deməkdir ki, Serbiya üçün Kosovo nə idisə, Azərbaycan üçün də Dağlıq Qarabağ o olacaq. Yəni, əlimiz-qolumuz kəsiləcək.
Dolayısı yolla bu o deməkdir ki, həmin ərazidə istənilən dövlət Azərbaycana qarşı əməliyyat keçirə bilər. Yəni, biz Qarabağa birdəfəlik əlvida deməliyik. Sülhməramlı qüvvələr Dağlıq Qarabağda yerləşdirilsə, Gürcüstanın başına gətirilənlər Azərbaycanın başına da gətirilə bilər.

-Belə olan halda ortaya məntiqi sual çıxır - uzun illər aparılan danışıqlar nəyə və kimə xidmət edirdi?

- Həmsədrlərin bu təklifləri Azərbaycan xalqını ələ salmaq deməkdir. Bizim bəzi vətəndaşlarımız buna dəstək verir. Onların adlarını açıqlamağa lüzum görmürəm, sadəcə onların bu hərəkətlərinə təəssüf edirəm.

- Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- Hesab edirəm ki, vəziyyətdən çıxış yolu kimi ATƏT-in Minsk qrupunun 9 üzvünün və BMT-nin baş katibinin nümayəndəsinin iştirakı ilə birgə faktaraşdırıcı komissiya yaradılmalıdır. Bu komissiya 1918-ci ildən bəri ermənilərin Azərbaycana qarşı əməllərini araşdırmalı və yekun nəticəyə gəlməlidir. Eyni zamanda coğrafi adlar bəpra olunmalıdır ki, hamı Azərbaycan xalqına qarşı necə repressiyaların keçirildiyini görsün.

- Siz münaqişənin hərb yolu ilə həllini mümkün hesab edirsinizmi?

- Əvvəla, onu demək istəyirəm ki, münaqişənin sülh yolu ilə həllinə tərəfdaram. Amma sağlam məntiqlə yanaşanda görürük ki, həmsədrlər sanki Azərbaycanı müharibəyə sürükləyir.

- Məqsəd nədir?

- Ola bilsin ki, hansısa dövlət Azərbaycanı təxribata çəkmək istəyir. Münaqişənin hərb variantına gəldikdə isə hesab edirəm ki, döyüş meydanında qələbə qazanmaq üçün əvvəlcə milli- siyasi barışa nail olmaq gərəkdir. Ağılsız addımlar atılsa, Gürcüstan variantının baş verəcəyini istisna etmirəm. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Azərbaycanın bütün potensialı var ki, öz torpaqlarını hərb yolu ilə qaytara bilsin.

- Söhbət hərbi sahədəki potensialdan gedir?

- Niyə təkcə hərbi potensialdan? Diplomatiya sahəsi də var. Hesab edirəm ki, biz «Nabukko» layihəsində iştirak edən ölkələrdən Ermənistanın təcavüzkar dövlət kimi tanınmasını tələb etməliyik. Heç olmasa bu ölkəyə qarşı hər hansı sanksiyanın tətbiqinə çalışmalıyıq. Məsələn, Almaniya parlamenti Ermənistanı təcavüzkar ölkə kimi tanıdı. Bu istiqamətdə səyləri inkişaf etdirmək lazımdır. Bir daha qeyd edirəm ki, bizim Qərbə təsir rıçaqlarımız çoxdur. İstər neft-qaz, istər də geostrateji nöqteyi-nəzərdən. Biz bir patron istifadə etmədən belə torpaqlarımızı azad edə bilərik.

İlham SULTANOV /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar