Eurovision 2012 ilə bağlı təhlükəsizlik və kommunikasiya məsələləri müzakirə olunub
14 Dekabr 2011 Çərşənbə 23:20
“Eurovision TV”nin direktoru Jorqan Frank: "İnsanların rahat şəkildə Azərbaycana gəlib şoudan zövq alması üçün hər şey etməyə çalışırıq”.
“Eurovision-2012”yə hazırlıq çərçivəsində Bakıda təhlükəsizlik və ictimaiyyətlə əlaqələrə həsr olunan iclas keçirilib. ANS PRESS-in İTV-yə istinadən verdiyi məlumata görə, Avropa Yayımları Birliyi nümayəndələrinin iştirak etdiyi toplantıda “Eurovision” mahnı müsabiqəsində təmsil olunan nümayəndə heyətlərinin, şounun keçiriləcəyi məkanın təhlükəsizliyinin təşkili məsələləri müzakirə olunub. Digər toplantıda isə “Eurovision” Mahnı Müsabiqəsi dövründə media ilə münasibətlər və ictimaiyyətlə əlaqələr nəzərdən keçirilib.

İclasda Avropa Yayımları Birliyini “Eurovision” Mahnı Müsabiqəsinin baş prodüseri Yan Ola Sand, “Eurovision TV”nin direktoru Jorqan Frank, “Eurovision” Mahnı Müsabiqəsinin təşkilatçı prodüseri Sitse Bakker, Avropa Yayımları Birliyinin Media ofisinin rəhbəri Karen Mazzoli təmsil edib.

Müsabiqənin baş prodüseri Yan Ola Sand bildirib ki, gəlişlərinin əsas məqsədi “Eurovision” hazırlıqlarının gedişatı ilə tanış olmaq idi: “Bu gün geniş və çoxtərəfli məsələləri əhatə edən görüş keçirdik. Əsasən təhlükəsizlik və kommunikasiya ilə bağlı məsələlər müzakirə edildi. İctimai Televiziya ilə uğurlu əməkdaşlığımız var”.

“Eurovision TV”nin direktoru Jorqan Frank isə bunları deyib. “Toplantıda iki əsas məsələni müzakirə etdik. Onlardan biri təhlükəsizlik, digəri ictimaiyyətlə əlaqələr idi. İnsanların rahat şəkildə Azərbaycana gəlib şoudan zövq alması üçün hər şey etməyə çalışırıq. Bu məsələlərdə İctimai Televiziya çox etibarlı tərəfdaşdır”.

Qeyd edək ki, müsabiqəyə hazırlıq çərçivəsində növbəti görüş yanvar ayında keçiriləcək.




DOSTLARINLA PAYLAŞ:

oyunlar