Dövlət Himni ətrafında erməni qalmaqalı
09 İyul 2014 Çərşənbə 12:01
Mədəniyyət və Turizm Nazirliyi dövlət himninin aranjeman olunmasının bəstəkar Rauf Əliyevə tapşırılmasına aydınlıq gətirib.
Son zamanlar Azərbaycan Dövlət Himninin aranjeman olunmasının bəstəkar Rauf Əliyevə tapşırılması məsələsi müzakirə obyektinə çevrilib.

ANS PRESS-in məlumatına görə, Rauf Əliyevin həyat yoldaşının milliyyətcə erməni olması, qızı Röya Mirzəyevanın isə Ermənistandan sığınacaq istəməsi dövlət himninin aranjeman olunmasının ona tapşırılması ətrafında ajiotaj yaradıb.

Məsələyə aydınlıq gətirmək üçün Mədəniyyət və Turizm Nazirliyilə əlaqə yaratdıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva ANS PRESS-ə açıqlamasında bildirib ki, himnin Rauf Əliyeva tapşırılması normal prosesdir. Onun sözlərinə görə, burada başqa məqsədlər, şübhəli məqamlar axtarmaq peşə etikasına ziddir.

“Birincidi qeyd edim ki, dövlət himninin aranjeman olunması həm xaricdən, həm də yerli mütəxəssislər cəlb olunub. Bundan əlavə aranjeman işlərinə böyük texniki heyyət cəlb olunub. Cəlb olunan mütəxəssislər arasında Rauf Əliyev də var. Bu prosesdə bir neçə bəstəkar iştirak edəcək. Hələ dəqiq deyil ki, Rauf Əliyevin işi qəbul olunacaq, ya yox. Əminliklə deyirəm ki, aranjeman zamanı Üzeyir Hacıbəyovun əsərinə heç bir xələl gəlməyəcək”, - deyə Zöhrə Əliyeva bildirib.

Nazirlik rəsmisi onu da əlavə edib ki, dövlət himninin aranjeman olunması işi Rauf Əliyevə tapşırılan vaxt, onun ailəsi barədə məlumatlar yayılmamışdı.

“Rauf Əliyev güclü mütəxəssisdir. Biz də onu bu işə cəlb etmişik. Həmin vaxt onun ailəsilə bağlı heç bir söz-söhbət yox idi”, - deyə Zöhrə Əliyeva vurğulayıb.

Qeyd edək ki, Rauf Əliyevin həyat yoldaşı, Azərbaycan vətəndaşı Röya Rauf qızı Mirzəyeva (ilk həyat yoldaşının soyadını daşıyır) yanvarın 29-da həyat yoldaşı, 37 yaşlı Cavid Orucov və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Rauf Əliyev mətbuata açıqlamasında qızından imtina etdiyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar