“Çerkizov” bazarından mal çıxarmaq olmur
25 İyul 2009 Şənbə 17:00
Rüşvət verməklə mallarını bazardan çıxarmağa cəhd edən azərbaycanlılar hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar

 

“Çerkizov” bazarında mallarını çıxarmaq istəyən ticarətçilər milis və OMON-un hücumuna məruz qalıb. Bazarda ticarətlə məşğul olan azərbaycanlıların ANS PRESS-ə verdiyi məlumata görə, ötən gecədən başlayaraq bazarda rüşvət verərək mallarını çıxarmaq cəhdləri boşa çıxıb. Malları yük maşınlarına yığaraq bazardan çıxmaq istəyərkən milis və OMON-lar tərəfindən döyülərək saxlanılıblar. Onlar səhər saatlarında rüşvət verdikdən sonra sərbəst buraxılıblar.

Ticarətçilər bildirib ki, bazarın içərisi mallarla yüklənmiş avtomobillərə bayıra çıxmağa icazə verilmir. Hazırda bazar ətrafına toplaşmış ticarətçilərə səsgücləndiricilər vasitəsilə ərazidən uzaqlaşmaq və mallarını kənara çıxarılmaması barədə xəbərdarlıq edilir. Ticarətçilər isə bazar ətrafına toplaşaraq malarını çıxarmaq üçün fürsət axtarır.

Qeyd edək ki, “Çerkizov” bazarı iyunun 29-da sanitar və yanğın normalarına əməl edilməməsinə görə bağlanıb. Artıq Çin və Qırğızıstan dövlət səviyyəsində öz vətəndaşalrının taleyi ilə bağlı məsələyə qarışıb vətəndaşlarının və onların yüklərinin saxlanılması ilə bağlı məsələni həlli məqsədilə Moskvaya nümayəndə göndərib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov isə bildirib ki, “Çerkizov” bazarında işlərini itirmiş Azərbaycan vətəndaşları yalnız onlara qarşı edilən hər hansı hüquq pozuntuları ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət edə bilər.

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar