Çerkizov bazarında aşkar edilmiş qaçaqmal məhv edilir
10 İyun 2009 Çərşənbə 16:20
Artıq qaçaqmalın birinci hissəsi məhv edilib

 

Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılova məxsus Çerkizov bazarında (Moskva şəhəri) aşkar edilmiş qaçaqmalın məhvi federal büdcəyə 200 mln rubla başa gələcək. Bu barədə Ria Novosti agentliyi Prokurorluğun İstintaq Komitəsində istinadən məlumat yayıb. Artıq qaçaqmalın birinci hissəsi məhv edilib. İdarədən bildirilib ki, dövlət bu təhlükəli məhsulların azad satışa düşməməsi, vətəndaşların, xüsusən də uşaqların səhhətinə ziyan vurmaması üçün bu xərcləri göz önünə alıb.
Qeyd edək ki, Moskvanın Basman rayon məhkəməsinin qərarı ilə bazarda 22 konteynerdə aşkar edilmiş və təhlükəsizlik standartlarına cavab vermədiyi bildirilən uşaq paltarları məhv ediləcək. Bundan başqa, bazarda 6 min konteynerdə olan və ümumilikdə 100 min ton çəkisi olan digər məhsulların istehsalı zamanı sanitar-gigiyenik qayadalara riayət olunub olmaması ilə bağlı nümunələr götürülüb.

Bazarda tapılmış külli miqdarda qaçaqmalla bağlı araşdırmalar davam edir, qaçaq məhsulların kimə məxsus olması araşdırılır.

Qeyd edək ki, “AST” qrupunun səhmdarlarından biri və Moskvadakı Çerkizov bazarının şəriki Telman İsmayılov bazarda aşkarlanan qaçaqmalın ona aid olmadığını bəyan edib. İş adamı bu bəyanatını vəkili vasitəsilə açıqlayıb. Tanınmış vəkil Pavel Astaxov jurnalistlərə bildirib ki, bazardakı anbarları minlərlə hüquqi və fiziki şəxs icarəyə götürüb: “Telman İsmayılov həqiqətən “AST” şirkətinin yaradıcılarındandır. Lakin o, heç vaxt Çerkizov bazarına rəhbərlik etməyib və heç bir məsul vəzifə tutmayıb. Ona görə də Telman İsmayılovun bazardakı anbarlara, xüsusilə, anbarlarda aşkarlanmış mallara aidiyyatı yoxdur”.
Vəkilin sözlərinə görə, aşkarlanmış mallar anbarları icarəyə götürmüş fiziki və hüquqi şəxslərə məxsusdur. Onların arasında Çin, Türkiyə, Vyetnam, Hindistan və digər ölkələrin vətəndaşları da var. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar