Bakı Bəyannaməsi qəbul edilib
29 Sentyabr 2009 Çərşənbə Axşamı 15:20
Türkmənistan və Özbəkistan isə bəyannaməyə qoşulmayıb
Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) birinci plenar iclası öz işinə başlayıb. İclası Azərbaycan Mili Məclisinin (MM) sədri Oqtay Əsədov açıb. O bildirib ki, TürkPA-nın yaradılması uğurlu addımdır və belə bir qurumun yaradılması türkdilli ölkələrin əlaqələrinin gücləndirilməsinə təkan verəcək, regionda sülhə və sabitliyə yardım edəcək.

İclasda digər ölkələrin parlament sədrləri də açılış nitqi ilə çıxış ediblər. Qazaxıstanın Parlament Məclisinin sədri Oral Muxamedjanov TürkPA-nın Avropa Şurası, ATƏT, İKT kimi güclü quruma çevrilməsini arzu edib: “İstərdik ki, təşkilatın vasitəsilə ölkələr arasında iqtisadi əlaqələr artsın, qanunvericilik bazaları yaxınlaşsın, parlamentlərarası əlaqələr genişlənsin”.

Qırğızıstan Jogorku Keneşinin (Milli Məclis) sədri Aytibay Taqayev isə TürkPA-nın türkdilli ölkələr arasında qarşılıqlı ticarət əlaqələrinin genişlənməsinə, investisiya qoyuluşlarının artmasına, xalqların inkişafına təsir edəcəyinə inandığını deyib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mehmet Əli Şahin də çıxışında qurumun genişlənməsinin vacib olduğunu qeyd edib. O, TürkPA-da təmsil olunan ölkələrin ortaq dəyərlərinin olduğunu bildirib. TBMM başqanı 17 il əvvəl türk ölkələrinin rəhbərlərinin zirvə görüşünün keçirildiyini xatırladaq deyib ki, o zaman bu baş verməsəydi, bugünkü toplantı da olmazdı: “Hazırkı ölkə başçıları bu ideyaya dəstək verməsəydilər, bu iclas baş tutmazdı”.

TBMM sədri onu da qeyd edib ki, TürkPA-nın ikinci plenar iclası gələn ilin oktyabrında Qazaxıstanın Astana şəhərində keçiriləcək.

Parlament sədrlərinin çıxışından sonra yekunları əsasında Bakı Bəyannaməsi qəbul edilib.

Bəyannaməni Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin, Qazaxıstan parlamenti Məclisinin sədri Oral Muhamedjanov və Qırğızıstan parlamentinin (Jokorqu Keneş) sədri Aytibay Taqayev imzalayıb.

Qeyd edək ki, Türkmənistan və Özbəkistan isə iclasa qatılmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar