Azərbaycan Dərnəkləri Federasiyasının müraciəti
07 Aprel 2009 Çərşənbə Axşamı 17:35
Müraciətdə deyilir ki, işğal edilmiş torpaqlar Azərbaycana qaytarılmadan heç bir yara sağalmaz və heç bir problem həll edilə bilməz

 

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası prezident Abdulla Gülə müraciət edib. Diasporla İş üzrə Dövlət Komitəsindən ANSPRESS-ə verilən  məlumata görə,  Azərbaycan və Türkiyənin tarix boyu yaşadığı eyni kədər və eyni sevinclərin qeyd olunduğu müraciətdə deyilir ki, Çanaqqala və Geliboluda Azərbaycandan qardaş yardımına gələn igidlərlə Anadolu qəhrəmanları qoyun-qoyuna yatır. Eyni zamanda ötən əsrin əvvəlində Azərbaycana köməyə gələn Nuru Paşanın rəhbərik etdiyi türk ordu hissələrinin Bakının azadlığı uğrunda döyüşlərdə həlak olmuş əsgərləri Azərbaycan paytaxtının ən uca nöqtəsində uyuyurlar.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının prezident A.Gülə məktubunda o da qeyd olunur ki, XX əsrin 90-ci illərində yenidən müstəqilliyinə qovuşan Azərbaycan bütün beynəlxalq təzyiqlərə məhəl qoymadan Türkiyə ilə öz mənfəətini birləşdirərək Baki-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin reallaşdırılmasına nail olub. Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin tikintisi də davam edir.

Müraciətdə daha sonra əlavə olunur ki, “Bir millət iki dövlət” fəlsəfəsini məhz Azərbaycanın ulu öndəri Heydər Əliyev ilk dəfə dilə gətirib və milli lider türk dünyasına verdiyi töhfələrlə bu ifadəyə əbədi yaşarlıq haqqı qazandırıb.
“Azərbaycan torpaqları öz cögrafi imkanları, zəngin yeraltı və yerüstü ehtiyatları və strateji geosiyasi mövqeyi ilə həmişə maraq və həsəd hədəfi olub. Ölkəmizin imkanlarından və sərvətlərindən heç vaxt gözünü çəkə bilməyən ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş qətliamlar, soyqırımlar, terrorlar törədiblər. Qarabağ münaqişəsi zamanı on minlərlə soydaşımız həyatını itirib və ya vəhşicəsinə qətlə yetirilib, 1 milyonadək insan hələ də ata-baba yurduna həsrətlə baxır” deyə müraciətini davam etdirən TADEF rəhbərliyi əlavə edir ki, işğal edilmiş torpaqlar Azərbaycana qaytarılmadan heç bir yara sağalmaz və heç bir problem həll edilə bilməz.

Müraciət müəllifləri yazırlar ki, Qarabağ müharibəsinin bütün fəsadları və faciələri göz qabağında ikən Türkiyəyə Ermənistanla sərhədlərini açmaq üçün kənardan təzyiqlər durmadan artmaqdadır. Doğu Anadoluya “Batı Ermənistan”, Ağrı Dağına Ararat deyənlər, türklərə qarşı dəfələrlə soyqırım törədənlər hansı sərhədlərin nə üzlə açılmasını istəyirlər?-deyə məktubda bildirilir.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının prezident Abdulla Gülə müraciəti bu fikirlərlə bitir: “Həm Türkiyə, həm də Azərbaycan dövlətinin öz xalqını qorumaq və müdafiə etmək kimi tarixi bir məsuliyyəti var. Türkiyə tarixin onun üzərinə qoyduğu bu mühüm məsuliyyəti bugünədək yerinə yetrib, indi də yerinə yetirəcək. Türkiyə Cumhuriyyətinin vətəndaşları olaraq buna heç bir şübhəmiz yoxdur. Azərbaycan yalnız deyil. Heç birimizin də Azərbaycan xalqının inamını və sevgisini itirmək haqqı yoxdur”. /ANSPRESS/
    

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar