Uqo Çaves Obamaya kitab hədiyyə edib
19 Aprel 2009 Bazar 11:45
Corc Buşu şeytana bənzədən Venesuela prezidenti Barak Obamayla əməkdaşlıq etmək niyyətində olduğunu açıqlayıb

 

Venesuela Amerika ilə soyuq münasibətlərini aradan qaldırmağa çalışır. Trinidad və Tobaqoda Latın Amerikası ölkələrinin sammitində Venesuela prezidenti Uqo Çaves Vaşinqtonla əlaqələrin yenidən qurulmasına hazır olduğunu nümayiş etdirən daha bir dostluq jesti edib. Venesuela lideri gözlənilmədən masanın arxasından durub və Barak Obamaya yaxınlaşaraq ona Uruqvay yazıçısı Eduard Qaleanonun "Amerikanın açıq venaları" kitabını hədiyyə edib. Kitab ilk dəfə 1971-ci ildə nəşr olunub və 500 il ərzində Latın Amerikası ölkələrinin əvvvəl ispan istilaçıları, daha sonra isə ABŞ tərəfindən talan edilməsindən danışır.

Bundan öncə, sammitdə çıxışı zamanı Çaves Kubaya qarşı bütün sanksiyaların ləğv edilməsini tələb edib: "Əgər Obama bunu etməsə, ona bəraət yoxdur. Hər kəs Kubaya qarşı embarqonun qaldırılmasını dəstəkləyir. Əminəm ki, hətta ABŞ xalqı da onu bu işdə dəstəkləyəcək. Barak Obama bunu etmədiyi üçün tarix qarşısında heç bir bəraət qazanmayacaq. Onun əlində böyük imkan var".

Qeyd edək ki, kiçik Corc Buşun hakimiyyəti dövründə Venesuela və ABŞ arasında münasibətlər pisləşmişdi və Uqo Çaves hətta keçmiş prezident Buşu şeytana bənzətmişdi. Öz növbəsində Ağ ev lideri təsdiq edib ki, Vaşinqtonun Kubanın demokratikləşdirilməsinə yönəlmiş sərt siyasəti iflasa uğrayıb və rəsmi Havana ilə dialoqa hazır olduğunu bəyan edib.

Obama Birləşmiş Ştatların Kuba ilə narkoticarət, miqrasiya, iqtisadi münasibətlər, demokratik islahatlar və insan hüquqları kimi məsələlərdə əməkdaşlıq etmək niyyətində olduğunu qeyd edib. Amerika prezidenti artıq Kubaya pul köçürmələri və kubalı emiqrantların vətənlərinə qayıtmasına qoyulmuş məhdudiyyətləri yüngülləşdirib. Kuba lideri Raul Kastro da ABŞ ilə bütün məsələlər üzrə danışıqlar aparmağa hazır olduğunu bildirib./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar