Türkiyədən Ermənistana aviauçuşlar başlayıb
05 Mart 2009 Cümə Axşamı 23:35
Türkiyənin baş naziri isə "biz Azərbaycanın maraqlarına zidd olan bir siyasi kurs yürüdə bilmərik" deyib

Türkiyənin “AtlasJet” aviaşirkəti İstanbul-İrəvan-İstanbul marşrutu üzrə həftənin 2, 4 və 5-ci günləri uçuşlar həyata keçirir. Şirkətin əməkdaşı Əminə Öztürkün ANS-ə verdiyi məlumata görə, Türkiyə Xarici Işlər Nazirliyi rəsmi Ankaranın siyasi və iqtisadi münasibətlər qurmadığı Ermənistana uçuşların həyata keçirilməsinə etiraz etməyib: “Çərşənbə və bazar günləri İrəvana uçuşlarımız var. Gediş və dönüş 500 dollar, tək gediş isə 300 dollardır”.
Şirkətdən onu da bildiriblər ki, onların təyyarələri Türkiyənin 'Tauer' turizm şirkəti tərəfindən kirayələnib. Bu qurumun rəsmisi Hüsnü Alioğlu bu fəaliyyətin Türkiyə hökumətinin icazəsi ilə həyata keçirildiyini və siyasi məsələlərin onlara aidiyyatının olmadığını bildirdi. “Biz təyyarəçiyik. Təyyarəçilər beynəlxalq qaydalara uyğun işləyirlər. Biz dövlətlərarası çalışırıq. Dövlətlərarası problemlər bizi heç zaman maraqlandırmır. Nəticə etibarı ilə biz iqtisadi iş görürük. Türkiyə dövləti icazə verdiyi qədər biz uçuşları həyata keçirə bilərik”. Şirkət rəsmisi yaxın gələcəkdə təyyarə reyslərinin sayının artırılacağını vurğulayıb: “Xeyli müştərimiz var. Yazda Antalyaya uçuşlar edəcəyik. Ora İrəvandan çoxlu turist gəlir”.
Bundan başqa KİV-lərin Gürcüstanın gömrük xidmətinə istinadən yaydığı məlumata görə, hər ay Türkiyədən Ermənistana Gürcüstan vasitəsilə 1000-ə qədər çox iri tutumlu yük maşını ilə mal daşınır.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Əli Babacan ölkəsi ilə Ermənistan arasında münasibətlərin heç vaxt olmadığı qədər yaxınlaşdığını bəyan etmişdi. Türkiyə xarici siyasət idarəsi rəhbərinin Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatının xarici işlər nazirlərinin aprelin 29-da İrəvanda keçiriləcək toplantısında iştirak edəcəyi istisna olunmur. Türkiyə xarici siyasət idarəsi rəsmi Ankaranın Dağlıq Qarabağ münaqişəsi həll olunmamış Ermənistanla siyasi-iqtisadi münasibətlər qura biləcəyi barədə məlumatları nə təsdiq, nə də təkzib edir. Türkiyənin Azərbaycandakı səfirliyi də bu məsələni konkret şərh etmir. Diplomatik nümayəndəliyin bu gün yaydığı açıqlamaya görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan televiziya kanallarından birinə müsahibədə ölkəsinin Ermənistanla münasibətlərini şərh edərkən bildirib ki, rəsmi Ankara bu istiqamətdə Azərbaycanla paralel bir siyasət yürüdəcək. “Biz Azərbaycanın maraqlarına zidd olan bir siyasi kurs yürüdə bilmərik. Bu günə qədər belə gəlib, bundan sonra da belə gedəcək. Bu mövqedən kənara çıxmalar olmaz”. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar