Obama Babacanla Nalbandyanı görüşdürüb
07 Aprel 2009 Çərşənbə Axşamı 12:20
Barak Obama Türkiyə və Ermənistanı tez müddətdə razılığın əldə edilməsinə çağırıb

 

ABŞ prezidenti Barak Obama rəsmi səfəri çərçivəsində Türkiyənin Ankara şəhərindən İstanbul şəhərinə gedib. CNN Türk agentliyinin məlumatına görə, Obama İstanbulda Türkiyə və Ermənistan xarici işlər nazirləri ilə görüşüb.

ABŞ prezidenti İstanbulda ilk olaraq, Baş nazir Rəcəb Tayyib Ərdoğanın Dolmabağça Sarayı Müsabihan Köşkündə onun şərəfinə verdiyi qəbula qatılıb. Qəbulda prezident Abdulla Gül, Türkiyə Böyük Millət Məclisinin sədri Göksal Toptan, Finlandiyanın prezidenti Tarya Halonen, İspaniyanın Baş naziri Xoze Luis Rodriqes Zapatero, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, Ərəb Birliyinin baş katibi Amr Musa, İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu və Mədəniyyətlər İttifaqı 2-ci forumuna qatılan qonaq ölkələrin təmsilçiləri iştirak edib. Türkiyə tərəfdən isə tədbirə dövlət naziri Məhmət Şimşək, xarici işlər naziri Əli Babacan, daxili işlər naziri Bəşir Atalay, İstanbul valisi Muammer Gülər və digər rəsmilər qatılıb. Türk sənət musiqisi nümunələri ifa edilən qəbul 1 saat 5 dəqiqə davam edib.
Tədbirdə Barak Obama Əli Babacan, Edvard Nalbandyan, İsveçrənin xarici işlər naziri Mişlin Kalmi-Rey bir müddət ayaqüstü söhbət ediblər. Ağ evin yüksək rütbəli rəsmilərindən biri bildirib ki, görüşdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsi müzakirə edilib və Obama tərəfləri tez bir müddətdə razılığın əldə edilməsinə çağırıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar