Obama Ayasofya muzeyini ziyarət edib
07 Aprel 2009 Çərşənbə Axşamı 16:05
Bu gün ABŞ prezidenti dini liderlər və tələbələrlə də görüşüb

Bu gün səhər ABŞ prezidenti Barak Obama Türkiyədə qaldığı oteldə dini liderlərlə görüşüb. CNNTürk-ün məlumatına görə,  görüş mətbuata qapalı keçirilib. Görüşdə İstanbul müftisi, musəvi, suryanilərin rəhbəri ilə yanaşı, Türkiyə ermənilərinin patrik-vəkili Aram Ateşyan da olub.
Daha sonra ABŞ prezidenti baş nazir Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Ayasofya muzeyini və Sultan Əhməd məscidini ziyarət edib. Prezidentə Ayasofyanın tarixi barədə məlumat verilib. Gəzintidə Obamanı xarici işlər naziri Əli Babacan və mədəniyyət və turizm naziri Ərtoğrul Günay da müşayiət edib. Daha sonra Sultanəhməd məscidinə gedən Obama məsciddə girərkən ayaqqabılarını çıxarıb. Məscid haqqında məlumat verən İstanbul müftisi Mustafa Çağırıcı gümbəzdə yazılan 8 adı oxuyub. Bunlar Allah, Məhəmməd, 4 xəlifə-Əbu Bəkr, Ömər, Osman, Əli və peyğəmbərin (ə.s) nəvələri Həsən və Hüseynin adları olub. Hüseyn adını eşidən Barak Hüseyn Obama gülümsəyib.
Gəzintidən sonra Ağ ev rəhbəri türk tələbələri ilə görüşüb və onların sualların cavablandırıb.
Qeyd edək ki, Barak Obamanın Türkiyəyə səfəri bu gün yekunlaşır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar