Kişinyovda qarşıdurma
07 Aprel 2009 Çərşənbə Axşamı 17:15
Müxalifət növbədənkənar parlament seçkisi təyin edilənə kimi, mitinqləri davam etdirəcəklərini bəyan edib

Aprelin 5-də Moldovada keçirilən parlament seçkisinin nəticəsinə etiraz edən müxalifət tərəfdarları paytaxt Kişinyovda etiraz aksiyası keçirib. Aksiya qarşıdurma ilə nəticələnib. Prezident iqamətgahı ətrafına toplaşan 4 minə yaxın nümayişçi kütlə qərargahın birinci mərtəbəsinin şüşələrini sındırıb. İqamətgaha girməyə cəhd göstərilsə də, polisin su şırnağı tətbiq etməsindən sonra insanların bir qismi parlamentə tərəf hərəkət edib.
Gənclər şüşələri qırıb, parlamentdən mebelləri çıxarıb və onları yandırmaq istəyiblər. Polislə aksiya iştirakçıları arasında baş vermiş qarşıdurma nəticəsində 30-a yaxın adam yaralanıb.
Ölkə prezidenti Vladimir Varonini seçkini saxtalaşdırmaqda ittiham edən müxalifət növbədənkənar seçki təyin edilməyincə, mitinqləri davam etdirəcəklərini bəyan edib.
Xatırladaq ki, Moldovadakı parlament seçkisində hakimiyyətdə olan Kommunist Partiyası 50 faiz səslə qələbə qazanıb. Bu nəticələr parlamentdə əsas mandatı qazanmağa imkan versə də, Vladimir Varoninin yenidən prezident seçilməsi üçün qanunverici orqanda onu 61 deputatın dəstəkləməsi lazımdır. Bu səsi toplamaq üçün isə Kommunist Partiyası müxalifətdə olan Liberal Partiya ilə koalisiya yaratmalıdır. Səslərin 30 faizini toplayan müxalifət yönümlü liberallar isə kommunistlərlə koalisiyaya getməyəcəklərini bildirərək, növbədənkənar seçkinin təyin olunmasını tələb edirlər./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar