Ermənistanla sərhədlərin açılacağı məlumatları yalandır
04 Aprel 2009 Şənbə 11:45
Türkiyə prezidenti Abdulla Gül aprelin 16-da Ermənistanla sərhədlərin açıqlamasına dair məlumatların yalan olduğunu bildirib.
APA-nın Türkiyə prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, A. Gül NATO sammitinə yola düşməzdən əvvəl hava limanında keçirdiyi brifinqdə jurnalistlərin “Sizin İrəvan ziyarətinizdən sonra Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində çox böyük addımlar atıldığını bütün dünya bilir. Mətbuatda, xüsusən xarici mediada tərəflərin sərhədlərin açılmasına dair razılığa gəldiyi və bu anlaşmanın rəsmi olaraq aprelin 16-da açıqlanacağı yazılır. Bu məlumatlara münasibətiniz necədir, ümumiyyətlə belə bir anlaşma varmı” sualına “Bu yazılanlar doğru deyil” cavabını verib.

Bununla belə, A. Gül Türkiyənin qonşuları ilə münasibətlərini daha da yaxşılaşdırmaq niyyətində olduğunu ifadə edib: “Türkiyə regionda sülh və sabitliyin bərqərar olması üçün səy göstərir. Qonşularımızın da bu yöndə arzuları var, Türkiyənin uzatdığı ələ xoş niyyətli əllər uzanmaqdadır. Bu bir mərhələdir. Bununla bağlı səylər, görüşlər əlaqədar şəxslərimiz tərəfindən həyata keçirilir”.

Prezident Türkiyənin Qafqazda sabitliyə böyük önəm verdiyini vurğulayıb: “Biz Qafqazdakı bütün problemlərin həllinə böyük əhəmiyyət veririk. Bütün çalışmalar da bu çərçivədə həyata keçirilir”.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar