“Azercell” “Bakıda yay” sərgisinin qaliblərini mükafatlandırıb
02 Avqust 2010 Bazar Ertəsi 13:55
Sərgidə fərqli və maraqlı 32 foto-şəkl nümayiş etdirilib.
Qızmar yay istisində foto həvəskarları üçün əsl sürpriz - “Azercell” şirkətinin əməkdaşlarının təşəbbüsü ilə keçirilən “Bakıda yay” adlı foto sərgini məhz belə qiymətləndirmək olar. “Azərcell”in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, PH[‘O’]TO CLUB-un təşkilatçılığı ilə baş tutan bu sərgi əvvəlcə təşkilatın "Facebook"dakı səhifəsində müsabiqə kimi başlayıb.
Qeyd edək ki, 16-25 İyul tarixləri arasında müsabiqəyə fotoların qəbulu aparılıb. Sonradan təşkilatın idarə heyəti üzvləri bu fotoların bir qismini sərgidə nümayiş üçün seçiblər. İyulun 27-də açılan sərgidə ümumilikdə 22 fotoqrafın təqdim etdiyi bir-birindən fərqli və maraqlı 32 foto-şəkli nümayiş etdirib. İstedadlı həvəskar fotoqraflar, həm də Azərbaycanı beynəlxalq aləmdə tanıdan peşəkarların iştirak etdiyi sərgidə 3 əsərin müəllifi qalib elan olunub. Beləliklə 1-ci yerin sahibi Türkan Kəsəmənli, 2-ci yerin sahibi İlqar Talıbov və 3-cü yerin sahibi Toğrul Məmmədov PH[‘O’]TO CLUB tərəfindən təqdim olunan fotostudiyalarda foto-sessiya haqqı qazanıblar.
Sərginin təşkilatçısı PH[‘O’]TO CLUB 2008-ci ilin fevral ayında "Facebook" sosial şəbəkəsində yaradılıb. Əsas məqsədi Azərbaycanda fotoqrafiya sənətini populyarlaşdırmaq olan bu qurum foto-səyahətlər, sərgilər, foto-təlimlər, workshop-lar təşkil edib.
Qeyd edək ki, “Azercell” əməkdaşlarının təşəbbüsü ilə baş tutan və “PARK Cafe”də keçirilən “Bakıda yay” sərgisini sentyabrın 1-ə kimi izləmək mümkündür. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: